Dünən Rusiya Şərqi Ukraynada genişmiqyaslı əməliyyata uğursuzluqlarla başladı. Yenidən onlarla hərbi texnika sıradan çıxarıldı, elit hava-desant qüvvələrinin yüzlərlə hərbçisi məhv edildi, cavabında isə Rusiya ordusu Mariupolda xəstəxananı vurdu və növbəti dəfə bütün dünyanın hədəfinə gəlmək üçün bunu etdi.
Azərbaycanda isə Tərtər işinin “istintaqından” yeni xəbərlər gəldi, amma bu da əvvəllər mühakimə olunduğu deyilən işgəncə verənlərin yenidən həbs edilməsi oldu. Qısası, nə orda, nə də burda yeni bir şey olmadı və ola da bilməzdi.
Bizdə “istintaqın” nədən belə aparılması ilə Rusiyanın Ukraynadakı məğlubiyyətinin səbəblərinə dərindən baxsaq hər iki halda onların eyni olduğunu görərik. Çünki səbəb sistemin özündədir, o isə hər iki ölkədə eynidir.
Sistemin mahiyyətini göstərmək üçün isə sadə bir misal verim: deyək ki, bizim bir neçə sosial media platformasında hesabımız var – Facebookda, Twitterdə, Instagramda və s., amma onların hamısını eyni zamanda daim fəal istifadə etmək mümkün deyil.
Çünki bunu fiziki olaraq etmək alınmır. Nəticədə daha çox hansına zaman və diqqət ayırırıqsa o da digərlərindən bir az daha fəal olur. Sonra çalışırıq zəif olanları bir az aktivləşdirək və yenə də birində vəziyyət dəyişir, qalanları “arxivə qovuşur”. Nəticədə hamısı aşağı-yuxarı eyni səviyyədə qalır.
Avtoritar sistemdə də vəziyyət təxminən belədir: hər şeyi və hər kəsi 1 adam idarə edir, amma o, bunu fiziki olaraq çatdıra bilməz. Bizim halda vəziyyətdən çıxış yolu hər platformanı bacarıqlı, təşəbbüskar bir şəxsə həvalə etməkdir ki, işlər bir az qaydasına düşsün və bu da mümkündür.
Hiçbir kurumda liyakatli yönetici istenmiyor!
Avtoritar dövlətdə isə hər şey tamamilə başqa cürdür. Əvvəla, bütün qurumlar yalnız tapşırıq üzrə fəaliyyət göstərə bilər, ikincisi isə hərhansı bir təşəbbüsdən söhbət belə gedə bilməz. Nəhayət, heç bir qurumun başında bacarıqlı kimsə əyləşə bilməz, çünki bacarıqlı və təşəbbüskür zamanla potensial rəqibə çevrilə bilər.
Bu isə heç bir halda mümkün deyil, ola bilməz və olmamalıdır. Ona görə də Putinin 22 ildir prezident olduğu ölkədə müdafiə nazirliyinə bircə gün də də olsun peşəkar hərbçi başçılıq etməyib. Qeyri-peşəkarın isə gördüyü iş bu gün Ukraynada hər iki tərəf üçün yaşanan dramdan artıq ola bilməz.
Bir o fərqlə ki, ukraynalılar üçün bu, əhalinin kütləvi məhv edilməsidir, onu məhv edən Rusiya üçün isə dünyanı lərzəyə gətirməsi barədə miflər dolaşan ordusunun. Azərbaycanda da vəziyyət eynidir, sadəcə bu gün həmin iflas özünü ən çox iqtisadiyyatda və ölkənin hüquq sistemində göstərir.
Daha doğrusu biz daha çox onları görürük, əslində isə iflas bütün sahələrdədir və başqa cür də ola bilməz. Ona görə ola bilməz ki, idarəetmə modelinin apardığı yolun son dayanacağı budur- sistemin çökməsi, iflası.
Desək ki, ölkədə nəinki uğurlu, heç olmazsa az-çox sabit durumda olan bircə sahə də yoxdur yəqin ki, etiraz etmək çətin olardı. Etiraz etmək olar əlbəttə, amma həmin etiraza cavab olaraq təhsil, elm, kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, media sözlərini sadalayanda müzakirə bitəcək. Hamısında vəziyyət eynidir.
Rusiyanı onun öz problemlərilə baş-başa buraxıb keçək bizim işlərə. Tərtərdə Azərbaycan Ordusuna qarşı əsrin cinayəti, qətliam, kütləvi vəhşiliklər törədilib və bunu da artıq hamı bilir. Hamı bilir, amma prokurorluq cinayət işi açmaq üçün “yuxarıdan” tapşırıq gözləyir.
İllərdir deyirik, sübut edirik ki, həmin cinayətdə dövlətə xəyanət, casusluq əlamətləri var, amma DTX da “yuxarıdan” tapşırıq gözləyir. Sübut demiş, bu günlərdə Mariupolda rus ordusu tərəfindən girov götürülmüş azərbaycanlı tələbənin müsahibəsini gördünüz yəqin.
Mənə düz 5 nəfər yollamışdı onu. 20 yaşlı tələbədən etirafedici ifadələr almaq üçün tətbiq olunan işgəncələr eynilə Tərtərdəkilər kimi idi: elektrik cərəyanı, çılpaq saxlamaq, soyuq su töküb yenidən “toka” vermək və s.
Terter işkencelerinde Rusya’nın izi görülüyor
Güman etmək olar ki, həmin gənc utandığından bəlkə də hələ çox şeyləri danışmayıb, amma elə onun sadaladıqlarında və Tərtərdəki işgəncələrin detallarında Rusiya dəst-xətti açıq görünür. Bundan əvvəl də Rusiyanın özünün cəzaçəkmə müəssisələrində tətbiq olunan zorakılıqlar, işgəncələr yadınızdadır, əminəm.
Yəqin həm də düşünmürsünüz ki, ölkənin hüquq-mühafizə orqanlarındakılar bunu bilmirlər. Bilirlər əlbəttə, sadəcə onların bir hissəsi buna göz yummalıdır, çünki öhdəliyi var, ikinci hissə isə gözlərini geniş açıb “yuxarı” boylanmalıdır.
“Yuxarı” isə bir qədər də özündən “yuxarıya” boylanmalıdır ki, ondan nə gözləməli olduğunu vaxtında görsün və heç bir təşəbbüsə yol verməsin. Azərbaycanla Rusiyanın yeganə fərqi də elə bu, sonuncudadır: Rusiyada bütün məsələləri öz “yuxarıdakıları” həll edir, bizdəkiləri isə Rusiyadakı “yuxarılar”. Ona görə də hər iki halda bir şey də eynidir – nəticə, o isə məğlubiyyət və iflasdır.
Bəli, iflas sadəcə hərbdə, döyüşdə, iqtisadiyyatda olmur. Cəmiyyətlə hakimiyyət arasında etimadın olmaması özü də iflasdır. Saxta yolla təyin olunmuş hakimin, deputatın olması da iflasdır. Korrupsiya da, rüşvət də, yoxsulluq da, özbaşınalıq da, hakimiyyət bölgüsünün olmaması da – hamısı iflasdır.
Amma ən böyük iflas ölkədə qanunların işləməməsidir, çünki bütün qalan sahələrin və bütövlükdə dövlətin iflasının kökündə o, dayanır.